İDMAN
Bakıda keçirilən idman dırmanması üzrə dünya kuboku yarışlarında Azərbaycanı 17 idmançı təmsil edir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 22-də Azərbaycanda ilk dəfə idman dırmanması üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Dövlət Bayraq Meydanında təşkil olunmuş tədbirdə əvvəlcə komandaların bayrağı səhnəyə gətirilmişdir.
Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, artıq Azərbaycan dünyada qabaqcıl idman ölkəsi kimi tanınır. Beynəlxalq idman qurumlarının çəkinmədən qitə və dünya çempionatlarının təşkilini Azərbaycana həvalə etdiklərini diqqətə çatdıran nazir Bakının 2015-ci ildə birinci Avropa Oyunlarına ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirmişdir.
İdmançılara uğurlar arzulayan A.Rəhimov layiqlilərin qalib gələcəyinə ümidvar olduğunu bildirmişdir.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) prezidenti Hüseynqulu Bağırov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin olduğunu diqqətə çatdırmışdır. Azərbaycan idmançılarının 2012-ci il Olimpiadasında qazandığı nailiyyətlərdən danışan H.Bağırov bu uğurların əsasında dövlətimizin başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının olduğunu bildirmişdir.
Vurğulamışdır ki, yarışın Dövlət Bayraq Meydanı kimi möhtəşəm məkanda keçirilməsi ölkəmizdə idman dırmanmasına olan müsbət münasibətin nəticəsidir.
Beynəlxalq İdman Dırmanması Federasiyasının prezidenti Marko Skolaris yarışın yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. O, bu yarışın idmansevərlər üçün gözəl və dəyərli bayrama çevriləcəyinə ümidvar olduğunu demişdir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.
Yarışda 11 ölkədən 69 idmançı birincilik uğrunda mübarizə aparır. Yarışlar Dövlət Bayraq Meydanında quraşdırılmış 15 metr hündürlüyündə olan dırmanma divarında keçirilir. Dünya kuboku yarışlarında Azərbaycanı 17 idmançı təmsil edir.