BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və Göyçay rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, bazar günü burada əhaliyə 11,55 ton məhsul, o cümlədən 1 ton ət, 0,3 ton ağartı, 3 ton tərəvəz, 6 ton kartof, 0,2 ton bostan bitkisi, 1 ton meyvə, 50 kiloqram bal təklif edilmişdir.
Şənbə və bazar günləri yarmarkada 28,15 ton məhsul satılmış, qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada mal ətinin kiloqramı 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, kök 40-50, kələm, çuğundur 50, alma 80-1 manat 20 qəpiyə, armud 1 manat - 1 manat 50 qəpiyə, kartof 50-60 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 8 qəpiyə, turp 40 qəpiyə, pendir 2 manat 20-2 manat 40 qəpiyə, göyərtinin dəstəsi 10-15, badımcan 80 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər əhalisi satışa çıxarılan kənd təsərrüfatı məhsullarının bolluğundan razılıq edirdilər.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Daşkəsən və Qəbələ rayonlarından gətirilmiş 140 tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır.
Yarmarkada alma, alça, kartof, xiyar, ət, konserv məhsulları, bal və s. üstünlük təşkil edirdi. Ət və süd məhsullarının satışına müvafiq müayinədən sonra icazə verilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə və bazar günləri satışa Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz və Qobustan rayonlarından gətirilmiş 50,6 ton məhsul, o cümlədən 2,6 ton ət, 400 kiloqram ağartı, 24,5 ton tərəvəz, 6 ton kartof, 100 kiloqram konserv məhsulu, 17 ton meyvə, Giləzi, Goradil broyler fabriklərindən isə 10 min ədəd yumurta çıxarılmışdır. Burada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 20, alma, çuğundur 40, kartof 40-50, kök 50, xiyar 70 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 1 manat 50 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 80 qəpiyə, pendir 2 manat 40 qəpiyə, yumurtanın bir ədədi 7 qəpiyə satılmışdır.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə, qiymətlərə nəzarət edirdilər.
######
