BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ-YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 17-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış-yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və Göyçay rayonlarından müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, şənbə günü burada əhaliyə 22,0 ton məhsul, o cümlədən 3 ton ət, 0,5 ton ağartı, 7 ton tərəvəz, 8 ton kartof, 0,5 ton bostan bitkisi, 3 ton meyvə, 14 min ədəd yumurta, 50 kiloqram bal təklif edilmişdir. Yarmarkada qiymətlər bazardakından 20-25 faiz aşağı olmuşdur.
Burada mal ətinin kiloqramı 4 manat 20 qəpiyə, qoyun əti 4 manat 50 qəpiyə, quş əti 3 manat 80-4 manat 20 qəpiyə, kələm 40-50, alma 1 manat -1 manat 50 qəpiyə, armud 1 manat 80 qəpiyə, kartof 50-70 qəpiyə, bal 9-10 manata, yumurtanın bir ədədi 9 qəpiyə və s. satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, Sarayevo küçəsində, “Bakı” kinoteatrının yanında “Bülbülə” kiçik müəssisəsinin “Azər” ticarət mərkəzində Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar, Qəbələ və Şəki rayonlarından gətirilən məhsulların çeşidinin çoxluğu diqqəti cəlb edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İlham İdayətov bildirdi ki, bu gün alıcılara 127 tondan çox məhsul təklif olunur. Satışda meyvə-tərəvəz, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Burada qiymətlər bazardakından 30 faiz ucuzdur.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Qazax və Ağsu rayonlarından gətirilmiş kələm, kök, soğan, alma, badımcan, xiyar, pomidor, süd və digər meyvə-tərəvəz və heyvandarlıq məhsulları keyfiyyəti ilə diqqəti cəlb edirdi.
Alıcılar burada onlara təklif olunan məhsulların qiymətlərinin bazardakından xeyli ucuz olduğunu bildirirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadə bildirmişdir ki, bu gün yarmarkada satışa 29 tondan artıq məhsul çıxarılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada da bolluq nəzərə çarpırdı. Burada satılan müxtəlif çeşiddə kənd təsərrüfatı məhsullarının qiymətləri bazardakından 40-45 faiz ucuz idi.
İşçi qrupunun rəhbəri Sabir Əhədovun verdiyi məlumata görə, Ağstafa, Goranboy və Bərdə rayonlarından yarmarkaya 14 tondan çox meyvə-tərəvəz və heyvandarlıq məhsulları gətirilmişdir.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Balakən, Qobustan, Samux, Daşkəsən, Quba və Biləsuvar rayonlarının fermərləri 27 ton məhsul gətirmişdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuzdur. Satışda meyvə tərəvəz, bitkiçilik məhsulları, ət-süd məmulatları, konservləşdirilmiş məhsullar vardır. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razıdırlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə alıcılara Cəlilabad rayonu fermerlerinin gətirdiyi 4 ton məhsul təklif olunurdu.
A.Şərifzadə küçəsi, 194, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı yarmarkada mövsümi mallar çoxluq təşkil edirdi. Alıcılar təzə çiyələyi, balı həvəslə alırdılar. Gədəbəyli arıçı Arif İsmayılov iki ay ərzində burada 50 kiloqramdan çox bal satdığını bildirdi.
Xatırladaq ki, Salyan, Qusar, Dəvəçi və digər rayonlardan yarmarkaya 42 tondan çox məhsul çıxarılmışdır.
Yarmarkada kələm 50-60 qəpiyə, kartof 50-70 qəpiyə, pomidor 1manat 40 qəpiyə -2 manata, xiyar 60-70 qəpiyə, gilas 1manat 70 qəpiyə-2 manata, mal əti 4 manat 40 qəpiyə təklif edilirdi.
Badamdar qəsəbəsinin mərkəzində 9, 7 və 5 mərtəbəli binaların həyətində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada təklif edilən təzə xiyar, pomidor, gül kələm, badımcan, soğan məhsulları qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı. Buraya Ağdaş, Masallı, Salyan və digər rayonlardan 7 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları gətirilmişdi.
Əraziyə nəzarət edən Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bildirdilər ki, məhsullar bazardakından 20-25 faiz ucuz qiymətə satılır.
Nərimanov rayonu, Keşlə ticarət mərkəzində təşkil olunmuş yarmarkada şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Beyləqan, Daşkəsən, Neftçala, Oğuz, Qobustan rayonlarının fermerləri əhaliyə müxtəlif çeşiddə 40,6 ton məhsul təklif etmişlər. Burada göyərtinin dəstəsi 10 qəpiyə, soğanın kiloqramı 30, alma, çuğundur 40, kartof 40-50, badımcan, kök 70, xiyar 50, bibər 15 qəpiyə, qoz 2 manat 20 qəpiyə, pomidor 2, mal əti 4, qoyun əti 5 manata, quş əti 4 manat 20 qəpiyə, pendir 2 manat 40 qəpiyə satılmışdır.
######
![]() |
![]() |

