BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 3-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya bazar günü Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 19,22 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 6 ton tərəvəz, 3,5 ton kartof, 4 ton bostan məhsulları, 4,5 ton meyvə, 6 min ədəd yumurta, 20 kiloqram bal gətirilmişdi.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 70-3 manat 80 qəpiyə, bal 9-10 manata, armud 60-80, alma 30-60, çuğundur, yerkökü 50-70, pomidor, kartof, badımcan 20-40, soğan, kələm 50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə satılmışdır.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində şənbə və bazar günü Salyan, Kürdəmir, Quba, Şəmkir, Ağcabədi, Qax, Biləsuvar və Qəbələ rayonlarının fermerləri 53 ton kartof, 146 ton tərəvəz, 6 ton ət, 9 ton ağartı və digər kənd təsərrüfatı məhsulları satmışlar. Yarmarkada qiymətlərə və çəkiyə nəzarət edilir, ət baytar həkimin nəzarəti altında satılır, ərazidə təmizliyə riayət olunurdu.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar və Lənkəran rayonlarının fermerləri alıcılara 60 tondan çox məhsul təklif etmişlər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, satılan məhsulların qiyməti bazardakından 30-35 faizə qədər ucuz olmuşdur. Alıcılar məhsulun qiymətindən və keyfiyyətindən razı qalmışlar.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri 9 tona yaxın məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkaya Ağsu və Qazaxdan 26 tondan artıq məhsul gətirilmişdi. Sakinlər əlverişli qiymətlərə təklif olunan kartof, yumurta, meyvə-tərəvəz və süd məhsullarını həvəslə alırdılar. Təklif olunan məhsullar həm də keyfiyyəti ilə diqqəti cəlb edirdi.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafadan gətirilmiş meyvə-tərəvəz satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Eminovun verdiyi məlumata görə, istirahət günləri Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Beyləqan, Oğuz, Daşkəsən, Neftçala və digər rayonların fermerləri satışa 38 ton meyvə-tərəvəz, ət və süd məhsulları, konserv məhsulları çıxarmışlar. Qiymətlər bazardakından 20-25 faiz ucuz olmuşdur. Belə ki, qoyun ətinin kiloqramı 4 man 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 3 manat 40 qəpiyə, bal 9-10 manata, armud, alma 30-50, pomidor 20, kartof, badımcan 20-40, soğan 40, yumurtanın bir ədədi 9 qəpiyə, pendir 2 man 40 qəpiyə satılmışdır.
######
![]() |
![]() |

