BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
![]()
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz və bostan məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan 16,1 ton məhsul, o cümlədən 1 ton ət, 0,2 ton ağartı, 4,4 ton tərəvəz, 2,5 ton kartof, 4 ton bostan məhsulları, 4 ton meyvə, 8 min ədəd yumurta gətirilmişdi. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manat 20 qəpiyə, quş əti 4 manata, bal 9-10 manata, armud 80, alma 50-80, çuğundur, yerkökü 70-80, pomidor, kartof, badımcan 20-40, soğan, kələm 40-50, yumurtanın bir ədədi 10, göyərtinin dəstəsi 10-15 qəpiyə təklif olunurdu.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şənbə və bazar günləri satışa 267 ton kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətovun verdiyi məlumata görə, Quba, Şəmkir, Kürdəmir, Qəbələ, Ağcabədi və digər rayonlardan gətirilmiş bu məhsullar bazardakından xeyli ucuz qiymətə satılmışdır.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkada Balakən, Qobustan, Samux, Daşkəsən, Quba, Biləsuvar rayonlarının fermerləri iki gün ərzində sakinlərə 56 tondan çox məhsul satmışlar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, yarmarkada qiymətlər bazardakından 30-35 faizə qədər ucuz olmuşdur.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerleri satışa 11 tondan çox məhsul çıxarmışdılar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin qarşısındakı yarmarkada alıcılara Qazax və Ağsudan gətirilmiş təzə pomidor, kələm, kök, üzüm, badımcan, digər meyvə-tərəvəz, bostan və süd məhsulları təklif olunurdu. Alıcılar burada istədikləri məhsulları bazardakından ucuz qiymətlərə həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qalib Hacızadənin sözlərinə görə, şənbə və bazar günləri yarmarkada 29 tonadək müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya isə Ağstafa, Bərdə və Goranboydan bol, keyfiyyətli meyvə-tərəvəz, bostan və süd məhsulları gətirilmişdi.
Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26-da təşkil olunmuş yarmarkada paytaxt sakinlərinə Xaçmaz, Neftçala, İmişli, Daşkəsən, Beyləqan, Oğuz, Tovuz, Tərtər və digər rayonlardan gətirilmiş 44,6 ton kənd təsərrüfatı məhsulu, İmişli, Mərdəkan broyler fabriklərindən isə 10 min yumurta təklif olunmuşdur.
Alıcılar məhsulun qimətinin münasib, keyfiyyətinin yüksək olduğunu bildirmişlər.
######
