Bakıda kişi tennisçilər arasında "Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib
Bakı, 29 iyul, AZƏRTAC
Bakıda kişi tennisçilər arasında "Davis Cup-2022” kuboku yarışının qrup oyunlarına start verilib.
Azərbaycan Tennis Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, ATF və Beynəlxalq Tennis Federasiyasının birgə əməkdaşlığı ilə paytaxtımızda ilk dəfə təşkil edilən Avropa IV qrup oyunları Bakı Tennis Akademiyasında keçirilir.
Yeddi ölkənin təmsil olunduğu oyunlar iyulun 30-dək davam edəcək. Yarışda A qrupunda San-Marino, İslandiya, Albaniya, B qrupunda isə Malta, Andorra, Azərbaycan və Kosova mübarizə aparır. Qrup qalibləri pley-of mərhələsində qarşılaşacaqlar.
Qrup oyunlarını gənclər və idman naziri Fərid Qayıbov da izləyib. Oyundan əvvəl nazir yarışın keçirildiyi Bakı Tennis Akademiyasının vəziyyəti ilə tanış olub, burada idmançıların məşq şəraiti ilə maraqlanıb.