Bakıda maskalı şəxslər avtomobilə basqın edərək sürücünün on min dollarını aparıblar
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 28-də saat 20 radələrində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Renault” markalı avtomobili Bakıxanov qəsəbəsi ərazisində yaşadığı evin qarşısında saxlayarkən maskalı 2 şəxsin avtomobilə oturub ona bıçaqla ayağından xəsarət yetirərək 10 min ABŞ dollarını cibindən götürərək getmələri barədə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Ə.Abduləhədov və S.Şəmmədov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.