CƏMİYYƏT
Bakıda “Mediada gender bərabərliyi və peşəkarlıq” mövzusunda keçirilən təlimlərə yekun vurulub
![](/files/galleryphoto/2022/2/1200x630/1654277407938653794_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542774071244349054_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542774071645343455_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542774071831238478_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542774075001325615_1200x630.jpg)
Bakı, 3 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə “Mediada gender bərabərliyi və peşəkarlıq” adı altında keçirilən iki günlük təlimlərə yekun vurulub. Təlimin təşkilində məqsəd gender bərabərliyi və ayrı-seçkilik mövzularında media nümayəndələrinin peşəkarlığının artırılmasıdır.
Təlimin açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verib, həmçinin bu cür seminarların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə mediada gender məsələləri ilə bağlı jurnalistlərin ixtisaslaşmasının müvafiq mövzunun ətraflı işlənməsi və peşəkar səviyyədə cəmiyyətə təqdim edilməsi baxımından əhəmiyyətini qeyd edib.
Təlimin birinci günündə Türkiyə Respublikası ilə telekörpü yaradılıb, Qadının Statusu Ümumi Müdirliyinin eksperti Vesile Kılıç “Mediada qadın təmsilçiliyi” mövzusunda çıxış edərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Həmçinin BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə komitəsinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Gender bərabərliyi və cinsi ayrı-seçkilik”, media eksperti Aynur Bəşirli “Gender stereotipləri” mövzularında təqdimatla çıxış ediblər.
Təlimin ikinci günündə isə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Pərvanə İbrahimova “Mediada gender anlayışı: yerli və xarici təcrübə” mövzusunda öz fikirlərini bildirib. O, mediada qadın və kişi təmsilçiliyi, işıqlandırılan materiallarda üstünlük təşkil edən mövzular, eləcə də medianın ictimai rəyə təsiri ilə bağlı məlumatların dünya təcrübəsi ilə müqayisəli təhlili barədə fikirlərini bildirib.
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev "Medianın fəaliyyətində gender bərabərliyinin təminatları haqqında qanunvericiliyin müəyyən etdiyi öhdəliklər və standartlar" mövzusunda milli qanunvericilikdə gender bərabərliyinin təminatlarından bəhs edib.
Sonda "Mediada gender bərabərliyi" mövzusunda çıxış edən media eksperti Aynur Bəşirli mediada gender stereotipləri, hazırlanan materiallarda gender balansı ilə bağlı məqamlar haqqında danışıb.
İnteraktiv müzakirələrlə keçən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.