ELM VƏ TƏHSİL
BAKIDA MƏKTƏBLİLƏRİN KİMYA ÜZRƏ 44-CÜ BEYNƏLXALQ MENDELEYEV OLİMPİADASI KEÇİRİLİR
Bakı, 2 may (AZƏRTAC). Bakıda keçirilən məktəblilər arasında kimya üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadasının mayın 2-də Bakı Dövlət Universitetində yekun eksperimental turu olmuşdur.
Bilik yarışında 14 ölkədən, o cümlədən Azərbaycan, Rusiya, Bolqarıstan, Belarus, Özbəkistan, Makedoniya, Rumıniya və digər ölkələrdən 87 şagird iştirak etmişdir.
Olimpiadanın 2 nəzəri turundan sonra iştirakçılar qruplara bölünmüş və lazımi kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriyalarda eksperimental mərhələ başlamışdır. Burada onların hər birinə ayrıca tapşırıq verilmişdir. Kimyəvi reaksiyalar və prosesləri yoxlayan olimpiada iştirakçılarına xüsusi ehtiyatla davranmağı tələb edən preparatlar barədə də məlumat verilmişdir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Təhsil Nazirliyinin təşkil etdiyi olimpiada artıq ikinci dəfədir ki, Azərbaycanda keçirilir. 2000-ci ildə 34-cü Beynəlxalq Mendeleyev Olimpiadası da respublikamızda keçirilmişdir.
Olimpiadada Azərbaycandan 12 iştirakçı var. Onların qalib olmaq imkanları yüksək qiymətləndirilir. Olimpiadada verilən tapşırıqlar məktəb proqramından fərqləndiyi üçün gənclərimiz 1997-ci ildən xüsusi proqram əsasında hazırlıq keçirlər.
Yarışın qaliblərini beynəlxalq tərkibli və müxtəlif təhsil müəssisələrində çalışan görkəmli kimyaçı alimlərdən ibarət münsiflər heyəti müəyyənləşdirəcəkdir. Qaliblər mayın 3-də yarışın bağlanış mərasimində elan olunacaq və xüsusi medalla təltif ediləcəklər. Medalın bir tərəfində tanınmış kimyaçı Dmitri Mendeleyevin, digər tərəfində Azərbaycanın görkəmli alimi, akademik Yusif Məmmədəliyevin təsviri vardır.
Münsiflər heyətinin sədri, AMEA-nın müxbir üzvü Vaqif Abbasov bildirmişdir ki, 1998-2009-cu illərdə ölkəmizə kimya üzrə beynəlxalq olimpiadalardan 70-ə yaxın qızıl, gümüş və bürünc medal gətirilmişdir və 25 şagird bu olimpiadanın qalibi kimi MDU-nin kimya fakültəsinə imtahansız qəbul olunmuşdur. Bu il ilk dəfə olaraq, bu olimpiadanın qalibləri Azərbaycan universitetlərinin kimya fakültələrinə imtahansız qəbul ola bilərlər. Bu, dövlətimizin istedadlı uşaqlara qayğısının bariz nümunəsidir.
Lomonosov adına Moskva Dövlət Universitetinin dekanı, akademik Valeri Lunin və kimya fakültəsinin professoru Valentin Nenaydenko bildirmişlər ki, Bakıda təşkil olunan bu yarış Beynəlxalq Mendeleyev Olimpiadasının tarixində ən maraqlısı və yaxşısıdır. Ötən ilin noyabrında MDU-nun rektoru Viktor Sadovniçini qəbul edərkən Prezident İlham Əliyev olimpiadanın ən yüksək səviyyədə keçirilməsi ilə bağlı tapşırıqlarını vermişdir. Buna görə də şagirdlər üçün gözəl şərait yaradılmışdır. Onlar Azərbaycanın tarixi əraziləri, gözəl təbiəti ilə tanış olmaq imkanı qazanmışlar. Yaradılan şərait iştirakçıların yaddaşında və Azərbaycanın elmi-mədəni həyatında gözəl hadisə kimi qalacaqdır.