BAKIDA PATENT İNFORMASİYALARI ÜZRƏ REGİONAL SEMİNAR ÖZ İŞİNİ DAVAM ETDİRİR
WIPO-nun informasiya texnologiyaları idarəsinin baş məsləhətçisi Qabor Karetka, EPO-nun təlim məsələləri üzrə əlaqələndiricisi Roland Fyanoql, Böyük Britaniyanın Abinqdon şəhərində fəaliyyət göstərən “Yambik Innovasiya” şirkətinin rəhbəri Yucin Sviniy “Espacenet” patent informasiya sistemi, bu sistemə qoşulma qaydaları, patent təsnifatında yeniliklər, XIX əsrdən bəri tətbiq olunan əqli mülkiyyət hüququ, əqli mülkiyyətin kommersiya xüsusiyyətləri, informasiya kapitalı və s. barədə maraqlı məruzələrlə çıxış etmişlər.
Dinləyiciləri maraqlandıran suallara cavab verilmişdir.
WIPO-nun Avropa və Asiyanın bir sıra ölkələri ilə əməkdaşlıq şöbəsinin baş hüquq məsləhətçisi Sergey Zotin AZƏRTAC-ın müxbirinə demişdir ki, seminarımız patent informasiyalarından istifadə məsələlərinə həsr olunmuşdu. Məqsədimiz texnikanın, elmin müxtəlif sahələrində nə baş verdiyini öyrənmək işində bu informasiyanın əvəzedilməz mənbə olduğunu diqqətə çatdırmaq idi. Çünki tədqiqatçıların, tədqiqat mərkəzlərinin vəsaitə qənaət etmək nöqteyi-nəzərindən patent informasiyasından necə faydalanması çox vacib məsələdir. Ona görə də məruzələrdə təcrübə mübadiləsinə, problemin əməli tərəfinə geniş yer verilmişdir. Mənə elə gəlir ki, məqsədimizə nail olduq.