BAKIDA ŞƏRQİ AVROPA REGİONAL ANTİDOPİNQ TƏŞKİLATININ 4-CÜ İCLASI KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 21-də “Excelsior” mehmanxanasında Şərqi Avropa Regional Antidopinq Təşkilatının (RADA) 4-cü iclası işə başlamışdır.
Tədbirdə Belarus, Gürcüstan, Rusiya, Serbiya, Ukrayna olmaqla, ümumilikdə 12 ölkənin nümayəndə heyəti iştirak edir. İclasda qonaq qismində Beynəlxalq Antidopinq Təşkilatının (WADA) nümayəndələri də təmsil olunurlar.
İclasın sonunda keçirilən mətbuat konfransında RADA-nın direktoru Nikolas Kruçinski demişdir ki, bu təşkilat dopinqə qarşı mübarizədə fəallıq göstərən ölkələri bir araya gətirmək məqsədi ilə yaradılmışdır. RADA-ya üzv ölkələr qarşılıqlı təcrübə mübadiləsi aparmaqla, bu sahədə fəaliyyətlərini yüksək səviyyədə qurmağa çalışırlar.
WADA-nın elmi məsələlər üzrə şöbəsinin müdiri Viktoria İvanova dünyada 34 dopinq testləri götürmək üçün laboratoriyaların mövcud olduğunu söyləyərək, onların hər birinin xüsusi standartlar əsasında fəaliyyət göstərdiyini demişdir. 2009-ci ildən testlərin yoxlanılmasında yeni standartlar müəyyən ediləcəkdir. Bu standartlara əsasən, hər hansı bir laboratoriya akkreditasiyadan keçmək üçün ildə ən azı 3000 dopinq test götürməlidir.
Azərbaycanda hər hansı bir yarış keçiriləcəyi təqdirdə idmançılarınız yaxın ölkələrdə yerləşən laboratoriyalara müraciət etməlidirlər.
Oktyabrın 22-də isə “Dopinq testlərin nəticələrinin araşdırılması” və “İdmançılar hansı şərtlər altında qadağan olunmuş dərman preparatlarından istifadə edə bilərlər” mövzularında treninqlər keçiriləcəkdir.
Oktyabrın 23-də - iclasın son günündə isə üzv ölkələr arasında əməkdaşlıq haqqında sənəd imzalanacaqdır.