Bakıda tibb tələbələrinin və gənc həkimlərin 1-ci beynəlxalq konqresi keçirilir
Bakı, 2 may (AZƏRTAC, Elçin Hüseynov). Mayın 2-də Azərbaycan Tibb Universitetində (ATU) tibb tələbələrinin və gənc həkimlərin 1-ci beynəlxalq konqresi öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, ATU-nun müəllim və tələbələrinin, dünyanın 10-a yaxın ölkəsinin aparıcı universitetlərinin professor və tələbələrinin iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Sonra Azərbaycanın tarixi keçmişindən və bu günündən, zəngin mədəniyyəti və tarixi-memarlıq abidələrindən bəhs edən film nümayiş olunmuşdur.
Konqresin açılış mərasimində çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində ölkəmizdə, eləcə də rəhbərlik etdiyi təhsil müəssisəsində bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin artıq ənənə hal aldığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, bu, Ulu Öndərin təhsilə və səhiyyəyə göstərdiyi qayğı ilə bağlıdır.
Akademik Əhliman Əmiraslanov Prezident İlham Əliyevin də səhiyyəyə daim xüsusi önəm verdiyini vurğulamışdır.
Rektor demişdir ki, mayın 3-dək davam edəcək konqresdə təbabətin aktual problemlərinə həsr olunmuş elmi müzakirələr aparılacaqdır. Bununla yanaşı, konqresdə Türkiyə, İsrail və Rusiyanın nüfuzlu universitetlərinin professorlarının onkologiya, cərrahiyyə, mikrobiologiya, histologiya, stomatologiya, əczaçılıq, pediatriya, genetika, tibbi statistika və ümumi mövzular üzrə elmi məruzələri dinləniləcəkdir. Eyni zamanda, yerli və xarici tələbələr təqdimatlarla çıxış edəcəklər. Bu isə ölkələrimiz arasında elmi əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.
Qeyd edilmişdir ki, gənc həkimlərin elmi tədqiqatlara cəlb olunmasında və onlarda diskussiya mədəniyyətinin formalaşmasında belə tədbirlərin böyük əhəmiyyəti vardır.
Konqresdə iştirakından məmnun qaldığını bildirən Türkiyənin İstanbul Universitetinin professoru Cavit Avçi Bakıda özünü öz evindəki kimi hiss etdiyini demiş, təhsil əlaqələrimizin səmərəli olacağına əminliyini vurğulamışdır.
Rusiya Federasiyasının Tümen Dövlət Tibb Universitetinin professoru Vitali Byçhkov çıxışında dünya ölkələrinin tibb təhsili üzrə təcrübə mübadilələrinin mühüm rolunu qeyd etmişdir. O, Azərbaycanın sürətlə inkişaf etdiyini, ATU-nun tələbələri ilə ünsiyyətdən zövq aldığını bildirmişdir.
Rusiyalı alim ATU-ya xatirə hədiyyələri təqdim etmişdir.
Konqresin bədii hissəsində Azərbaycan musiqisinin ölməz inciləri təqdim olunmuşdur. Dahi Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını və digər musiqi parçalarını iştirakçılar alqışlarla qarşılamışlar.
Konqres öz işini plenar iclaslarda davam etdirmişdir.