BAKIDA TÜRKDİLLİ ÖLKƏLƏRİN XƏBƏR AGENTLİKLƏRİ BİRLİYİ BAŞ MƏCLİSİNİN VII İCLASI İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 30-da “Park-İNN” mehmanxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin “Türkdilli ölkələrin əlaqələrinin inkişafında xəbər agentliklərinin əməkdaşlığının rolu” mövzusunda VII iclası başlanmışdır.
Azəbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın sədrliyi ilə keçən iclasda Türkiyə Mətbuat-Yayım və İnformasiya İdarəsinin baş direktoru Salih Mələk, Kazinform agentliyinin (Qazaxıstan) direktoru Dauren Diyarov, “KABAR” agentliyinin (Qırğızıstan) Baş direktorunun müavini Oleq Ryabov, Şimali Kipr Türk Agentliyinin (TAK) idarə heyətinin sədri və direktoru Əmir Ərsoy, “Tatar-inform” agentliyinin (Tatarıstan) direktoru Leonid Tolçinski, “Başinform” agentliyinin (Başqırdıstan) baş direktorunun müavini Alik Şakirov, Krım Xəbər Agentliyinin rəhbəri xanım Qayana Yüksəl, Türkiyə İşbirliyi və İnkişaf İdarəsinin baş proqram əlaqələndiricisi Sərhat Küçükkurtun başçılığı ilə nümayəndə heyətləri iştirak edir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iclası açaraq iştirakçılarını salamlamışdır. O demişdir ki, Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi Baş Məclisinin VII iclası Bakıda çox əlamətdar bir vaxtda keçirilir. Azərbaycan xalqı türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 85 illiyini geniş qeyd edir. Dünyanın siyasət nəhənglərindən biri olan Heydər Əliyev türk dünyasının, türk xalqlarının birliyinin möhkəmlənməsinə, əlaqələrinin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə həmişə xüsusi önəm vermişdir. Bu baxımdan TKA Baş Məclisinin növbəti iclasının ulu öndərin yubileyinin qeyd olunduğu bir vaxta düşməsi heç də təsadüfi deyildir.
İclasda ulu öndər Heydər Əliyevin, türk dünyasının həyatdan getmiş görkəmli şəxsiyyətlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
A.Aslanov Baş Məclisin VII iclasının iştirakçılarını və qonaqları təqdim etdikdən sonra söz Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilmişdir.