Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
Bakı, 8 oktyabr, AZƏRTAC
Ölkə ərazisində oktyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17°, gündüz 21-24° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 27-32°, dağlarda gecə 6-11°, gündüz 14-19° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 9-da Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin gündüz saatlarında güclü şimal-qərb küləyinə keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlığa görə, oktyabrın 9-u gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 14-19° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 22-27° isti, dağlarda gecə 3-8°, gündüz 13-16° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 27-32° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 17-19°, gündüz 23-27° isti, dağlarda gecə 12-15°, gündüz 15-21° isti olacağı gözlənilir.