“Baku Sailing Regatta-2018” paytaxt sakinlərinin böyük marağına səbəb olub
Bakı, 5 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Bakıda yelkənli qayıq yarışı (“Baku Sailing Regatta-2018”) keçirilir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və Azərbaycan Yelkənli İdman Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunan yarışda 31 idmançı dörd kateqoriyada (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) yarışır. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdiriləcək və ilk üç yerin sahibi mükafatlandırılacaq.
Reqata çərçivəsində Dənizkənarı Milli Parkda keçirilən müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalarda, eləcə də açıq havada sərgidə paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olublar.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə silsilə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Baku Sailing Regatta-2018” bu tədbirlərin birincisidir.