“Baku Sailing Regatta-2018”in qalibləri mükafatlandırılıb
Bakı, 5 may, Elvin Camalov, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) keçirilib.
AZƏRTAC xəbər verir ki, 31 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser-radial”, “Laser 4.7”) üzrə yarışıblar. Onlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçi” və “Xəzər” idman klublarının, Azərbaycan Yelkənli İdman Federasiyasının üzvləridirlər. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən müəyyənləşdirilib. Birinci, ikinci və üçüncü yerlərin sahibləri mükafatlandırılıblar. Mükafatları gənclər və idman naziri Azad Rəhimov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, Azərbaycan Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov təqdim edib.
“Optimist” sinfi üzrə I, II və III yerləri müvafiq olaraq AYİF-in üzvləri Murad Allahverdi, Murad Hacızadə və Ayla Babayeva tutub. “Laser-standard” sinfi üzrə “Xəzər” İdman klubunun üzvləri Mixail Protasov, Rüfət Rəcəbov və Tofiq Abdullayev müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər. “Laser 4.7” sinfi üzrə I yeri “Xəzər” İdman Klubunun üzvü Fərid Məmmədzadə, II və III yerləri isə AYİF-in üzvləri Rafiq Orucov və Hatim Ammar qazanıb. “Laser-radial” sinfi üzrə AYİF-in üzvü Cavid Kərimov I yeri, “Dənizçi” İdman Klubunun üzvü Kiril Klinçev II yeri, “Xəzər” İdman Klubunun üzvü Ağasəlim Ağalarov isə III yeri qazanıb.
Azərbaycan Yelkənli İdman Federasiyasının aktiv bazası 2014-cü ildən etibarən fəaliyyətə başlayıb. Həmin dövrdən bu günə kimi dinamik məşqlərə start verən Yelkənli İdman Federasiyasının yelkənçiləri Azərbaycanı bir çox beynəlxalq yarışlarda uğurla təmsil ediblər.
Yarış çərçivəsində Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar da keçirilib.
Bundan başqa, açıq havada sərgi təşkil edilib. Burada paytaxt sakinləri və şəhərin qonaqları gəmi və dənizçiliyə aid maraqlı eksponatlarla tanış olublar. Həmçinin yarış boyunca sahildə qayıqların nümayişi də baş tutub.
Bir sözlə, Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) Dənizkənarı Milli Parkda əsl festival anları yaşadıb, əylənmək, istirahət etmək və fotoşəkillər çəkdirmək üçün əsl yaz fürsətinə çevrilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu il 160 illik yubileyini qeyd edir. Yubiley ili çərçivəsində bir neçə silsilə layihənin həyata keçirilməsi nəzərdə tutulub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yelkənli Qayıq Yarışı (“Baku Sailing Regatta-2018”) həmin layihələrin birincisidir.