İQTİSADİYYAT
“BakuTel-2014” sərgisində AzərTAc da öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 2 dekabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Xəzər və Qafqaz regionlarının ən böyük telekommunikasiya-informasiya texnologiyaları sərgisi - “BakuTel-2014”-də AZƏRTAC da öz stendi ilə təmsil olunur.
“BakuTel”in 20-ci yubiley sərgisində dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri, habelə Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
Hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində respublikamızın səfalı və tarixi məkanlarından bəhs edən videoreportajlar nümayiş olunur.
Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 7 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən “BakuTel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.