Balakən və Qaxda yanğın təhlükəli yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb
Bakı, 21 dekabr, AZƏRTAC
Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən rayonunun Poştbinə kəndində yerləşən “İFN” MMC-yə və Qax rayonunun Qorağan kəndində yerləşən Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyektlər avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, obyektlərin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektlər “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq sığorta olunmayıb.
Mövcud vəziyyət onu göstərir ki, obyektlərin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edə bilər.
Bütün bunları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərarlar qəbul olunub və qərarların bir nüsxəsi obyekt nümayəndəsinə təqdim edilib.