Balakəndə narkotacir tutulub
Bakı, 29 aprel, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyənləşdirilib. O, şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilərkən 14,22 qram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.