“BANK OLMAYAN KREDİT TƏŞKİLATLARI HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ OLUNMUŞDUR
Bakı, 5 oktyabr (AZƏRTAC). Milli Məclisin iqtisadi siyasət komitəsinin oktyabrın 5-də keçirilmiş iclasında üç qanun layihəsinə baxılmışdır. Komitənin sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlər barədə məlumat verdikdən sonra “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilmişdir.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev demişdir ki, bu sənəd Azərbaycanda pul vəsaitlərinin dövriyyəsinin tənzimlənməsində, sahibkarlığın inkişafında, əhalinin aztəminatlı təbəqələrinin güzəranının yaxşılaşdırılmasında böyük rol oynaya bilər. Bank olmayan kredit təşkilatları (BOKT) ölkəmizdə hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsinə xidmət edəcək, mövcud maliyyə xidmətlərindən istifadə üçün əlverişli şərait yaradacaqdır. Bildirilmişdir ki, hazırda ölkəmizdə 18 bank olmayan kredit təşkilatı vardır və yeni qanun həmin maliyyə qurumlarının idarə edilməsini və fəaliyyət göstərməsini tənzimləyəcək, onların sayının artmasına təsir göstərəcəkdir.
Layihəyə görə, ixtisaslaşmış kredit təşkilatı olan BOKT lisenziya əsasında kreditlər verir, həmçinin lizinq, veksellərin uçotu, zəmanətin verilməsi, borc öhdəliklərinin alqı-satqısı kimi fəaliyyət növləri ilə məşğul ola bilər. Sənəddə bank olmayan kredit təşkilatlarının sığorta agenti xidməti, eləcə də borc alanlara maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidməti göstərməsi də nəzərdə tutulmuşdur.
O da qeyd olunmuşdur ki, Milli Məclisdə birinci oxunuş müzakirələrdən sonra layihəyə bir sıra redaktə xarakterli düzəlişlər edilmişdir. Layihənin ilkin variantından fərqli olaraq kreditin qaytarılması prosesində pul ilə yanaşı digər təminatlar, daşınan və daşınmaz əmlak növləri də girov qismində təsbit olunur.
Müzakirələr zamanı deputatlar, vətəndaşların maliyyə resurslarına çıxışının daha da asanlaşdırılması vacibliyini əsas gətirərək rəy və təkliflərini bildirmişlər.
İclasda iştirak edən Mərkəzi Bankın və digər əlaqədar qurumların nümayəndələri layihədə əksini tapmış bəzi müddəalara münasibət bildirmişlər.
Sonra komitədə “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi barədə qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən standartlaşdırma, reklam, yol hərəkəti, şəhərsalmanın əsasları, ipoteka, baytarlıq, aviasiya, fitosanitar nəzarəti, dərman vasitələri haqqında qanunlara təklif edilən düzəlişlər müzakirə olunmuşdur.
İclasda “Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında” Konvensiyaya dəyişikliklərin təsdiq edilməsi barədə” qanun layihəsinə də baxılmışdır.
Geniş fikir mübadiləsindən sonra qanun layihələri baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.