Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş təntənəli konserti olub.
AZƏRTAC xəbər verir ki, orkestrə Prezident mükafatçısı, tanınmış dirijor Mustafa Aşurov rəhbərlik edib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsert proqramı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb.

Gecədə görkəmli sənətkarlar, respublika və beynəlxalq müsabiqələr laureatları - Nurlana Abdullayeva, Şaiq Əsədov, Rafael Əsgərov, Vəfa Vəzirova, Kamal Nuriyev, Əvəzxan Əzizov, Aysu Sadıqova və Mədinə Səlimovanın ifasında vətənpərvərlik ruhunda bəstəkar əsərləri və xalq mahnıları səsləndirilib.
Müstəqillik Gününə həsr olunmuş konsert proqramı vətənpərvərlik ruhunu tərənnüm edən geniş kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, bu il Beynəlxalq Muğam Mərkəzinin tərkibində fəaliyyət göstərən, Şərqin ilk notlu xalq çalğı alətləri kollektivi - Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaradılmasının 95 illiyi tamam olur.
İl ərzində təşkil olunacaq konsertlər orkestrin 95 illik yubileyinə həsr edilmiş tədbirlər planı çərçivəsində davam etdiriləcək.