Baş katib: Azərbaycanın ITF-də irəli sürdüyü dekarbonizasiya məsələləri COP çərçivəsində təşəbbüslərin məntiqi davamıdır
Bakı, 7 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu çərçivəsində urbanistika və şəhərlərarası bağlantı məsələləri müzakirə olunacaq. TRACECA ticarətin möhkəmləndirilməsi məqsədilə dəhlizi inkişaf etdirən və şəhərlər arasında əlaqəni təmin edən hökumətlərarası qurum kimi çıxış edir. Bu gündəlik bizə çox yaxındır, buna görə də forumda iştirak edəcəyik. Bundan başqa, Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumunda (ITF) irəli sürdüyü dekarbonizasiya məsələləri, fikrimcə, COP çərçivəsində irəli sürülən təşəbbüslərin məntiqi davamıdır.
Bunu AZƏRTAC-a açıqlamasında TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Aset Asavbayev söyləyib.
Onun sözlərinə görə, bu, dekarbonizasiya məsələlərinə sistemli yanaşmanı nümayiş etdirir: “Bu çağırış hamı üçün, o cümlədən nəqliyyata təsir göstərən Xəzərdəki vəziyyət nəzərə alınmaqla, TRACECA-ya üzv ölkələr üçün də aktualdır. Buna görə də belə müzakirələrin aparılması, həll yollarının işlənib hazırlanması vacibdir. Məhz buna görə ITF belə tədbirlərin qəbul edilməsi üçün platformaya çevrilməlidir”.