Baş prokuror Samuxda vətəndaşları qəbul edib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Zakir Qaralov aprelin 27-də Samux Rayon Prokurorluğunun inzibati binasında Gəncə şəhərindən, Samux, Göygöl, Goranboy, Daşkəsən, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Zakir Qaralov bölgədə yaşayan 21 vətəndaşın müraciətini dinləyib. Müraciətlərdə qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrlə bağlı konkret tapşırıqlar verilib.