BAŞ PROKURORLUQDA GÖRÜŞ
Baş prokuror, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı və ölkəmizdə demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hərtərəfli təminatlar yaradan 2005-ci il 11 may və 25 oktyabr tarixli sərəncamlarının əhəmiyyətini diqqətə çatdırmış, həmin sənədlər əsasında prokurorluq orqanları tərəfindən vətəndaşların seçki hüquqlarının tam təmin olunması istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Diqqətə çatdırılmışdır ki, cinayət tərkibli olması ehtimal edilən məlumatların operativ araşdırılması ilə əlaqədar prokurorluğun 59 əməkdaşından ibarət 18 işçi qrupu yaradılmış və onlar bölgələrə ezam edilmişlər. Bu işçi qruplarının seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Baş Prokurorluğa göndərdikləri 351 müraciət üzrə 18 cinayət işi başlanılmış, 17 şəxs barəsində 13 cinayət işi məhkəməyə göndərilmiş, 15 şəxs barəsində 11 cinayət işi üzrə ittiham hökmləri çıxarılmışdır. Görülən tədbirlər barədə müraciət müəlliflərinin ətraflı məlumatlandırılması təmin olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində seçki pozuntularının minimum həddə olmasını diqqətə çatdıran baş prokuror, eyni zamanda müstəqilliyini yeni bərpa etmiş gənc bir dövlətdə seçki qanunvericiliyinin pozulması ilə bağlı 15 şəxsin məhkum edilməsi faktını bu sahədə səmərəli mübarizənin təşkil olunmasının təsdiqi olduğunu, həmin tədbirlərin seçki prosesində iştirak edən şəxslərə böyük profilaktiki təsir göstərdiyini və eyni xarakterli cinayətlərin qarşısının alınmasında böyük rol oynadığını qeyd etmişdir.
Eyni zamanda təkrar seçkilərin keçirilməsi ilə əlaqədar Baş Prokurorluğa Mərkəzi Seçki Komissiyasından daxil olan 1 müraciət üzrə cinayət işi başlanılmasının rədd edildiyi, cinayət xarakterli bir material üzrə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıldığı qonaqların nəzərinə çatdırılmışdır.
Qonaqların suallarını cavablandıran baş prokuror prokurorluğun seçki qruplarının öz fəaliyyətlərini davam etdirəcəyini bildirmiş, təkrar seçkilərin obyektiv seçki modeli kimi Azərbaycan tarixində qalacağını vurğulamışdır.