Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Baş Prokurorluqda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edən Baş prokuror Kamran Əliyev diqqətə çatdırıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında, onun müstəqilliyinin, ölkəmizin beynəlxalq birliyin tam və bərabərhüquqlu üzvünə çevrilməsində, dövlətçilik tarixində müstəsna xidmətləri əvəzedilməz və danılmazdır.
Bildirilib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyev bütün ömrü boyu Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarıb, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaradıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun ədalətli həlli məqsədilə mötəbər hüquqi bazanın yaradılmasında, eləcə də BMT-nin və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünün tanınmasına dair müvafiq qətnamələrin qəbul edilməsində mühüm rol oynayıb.
Qürurla bildirilib ki, həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən dahi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub.
Baş prokuror böyük minnətdarlıq hissi ilə qeyd edib ki, Ulu Öndərin siyasi, iqtisadi, ordu quruculuğu sahəsində həyata keçirdiyi islahatlar, beynəlxalq sahədə gördüyü tədbirlər tarixə qızıl hərflərlə həkk olunmuş bugünkü zəfərin əldə edilməsinə yönəlib.
Anım mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından əminliklə bildirilib ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun müəyyənləşdirdiyi siyasi kursa və strateji inkişaf konsepsiyasına daim sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcək.