Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib
Bakı, 28 iyul, AZƏRTAC
Basketbol üzrə U-18 milli komandamız Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda U-18 milli komandamız “B” qrupunda sonuncu görüşünə çıxıb. Moldova seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonunadək davam etdirərək rəqibini 75-66 hesabı ilə məğlub edib.
Qrupdakı bütün rəqiblərinə qalib gələn millimiz adını turnirin yarımfinalına yazdırıb.
Millimizin bu mərhələdəki rəqibi “A” qrupunda keçiriləcək Albaniya-Andorra cütünün qalibi olacaq.
Yarımfinal görüşü iyulun 30-da Bakı vaxtı ilə saat 21:15-də təşkil olunacaq.