BAVARİYA AZƏRBAYCAN İLƏ BİRBAŞA ƏLAQƏ YARATMAQ İSTƏYİR
AZƏRTAC xəbər verir ki, mayın 2-də Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvləri Bavariya parlamentinin deputatı, dövlət büdcəsi və maliyyə məsələləri komissiyasının sədri Manfred Axın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşlər.
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkənin neft və qeyri-neft sektorlarında əsaslı dönüş yaranmışdır. Qəbul olunmuş qanunlar və yaradılmış möhkəm hüquqi baza xarici investorların ölkə iqtisadiyyatının bütün sahələrinə sərmayə qoymalarına imkan yaratmışdır. Azərbaycan bu gün dünyada etibarlı biznes tərəfdaşı kimi çıxış edir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, eləcə də digər beynəlxalq maliyyə institutları heç bir tərəddüd etmədən Azərbaycana kreditlər ayırır, sərmayə yatırır. Z.Səmədzadə alman iş adamlarını da ölkəmizin iqtisadiyyatına investisiya qoymağa dəvət etmişdir.
Manfred Ax demişdir ki, Bavariya müstəqil olaraq Azərbaycan ilə əlaqələr qurmaq istəyir. Səfərin məqsədi Azərbaycanın maliyyə və büdcə sisteminin qurulması mexanizmi, inkişaf tempi ilə maraqlanmaq, iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaqdır. Qonaq Azərbaycan iqtisadiyyatının dinamik inkişafından məmnun qaldığını bildirmişdir.
Görüşdə Azərbaycan-Almaniya əməkdaşlığı çərçivəsində Bavariya ilə əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.