Bayburt Universitetində TÜRKSOY-da Azərbaycanın fəallığından danışılıb
Bayburt, 3 may, AZƏRTAC
Bayburt şəhərində fəaliyyət göstərən eyniadlı universitetdə “Aşıq Veysəl ili” çərçivəsində Türkiyənin görkəmli el sənətkarına həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimin rəsmi açılışında Bayburt vilayətinin valisi Ali Həmzə Pəhlivan, Bayburt Universitetinin rektoru, professor Səlçuk Voşkun və Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı çıxış ediblər.
Aşıq Veysəl yaradıcılığının Türkiyədə hər zaman sevildiyini diqqətə çatdıran Ali Həmzə Pəhlivan görkəmli el sənətkarının həyat və fəaliyyətinə göstərilən diqqətə görə TÜRKSOY rəhbərliyinə təşəkkür edib.
TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən rektor, Səlçuk Voşkun bildirib ki, keçirilən tədbirlər sayəsində görkəmli el sənətkarı şəxsiyyətinin türk dünyasında daha geniş tanınmasına şərait yaradılır.
Azərbaycan nümayəndəsi Elçin Qafarlı çıxışında təmsil etdiyi təşkilatın məram və məqsədlərindən danışaraq diqqətə çatdırıb ki, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının Kastamonuda keçirilən 36-cı iclasında Oş şəhəri “2019-cu ildə türk dünyasının mədəniyyət paytaxtı” seçilib və 2019-cu il anadan olmasının 650-ci ildönümü ilə əlaqədar “Nəsimi” və anadan olmasının 125-ci ildönümü münasibətilə “Aşıq Veysəl ili” elan edilib. TÜRKSOY-un həyata keçirdiyi layihələrin türk dünyasının mədəni inteqrasiyasındakı böyük təsirə malik olduğunu qeyd edən natiq söyləyib ki, Azərbaycan təşkilatın fəaliyyətində təşəbbüskar və ən fəal tərəfdir.
Tədbir çərçivəsində Aşıq Veysəl yaradıcılığına həsr olunmuş konsert proqramı təqdim olunub.
Mərasim “Türk marşı”nın oxunması ilə başa çatıb.
Sonra iştirakçılar Bayburtda yerləşən Dədə Qorqud məzar-məqbərəsini ziyarət ediblər. Elçin Qafarlı Azərbaycanda Dədə Qorquda göstərilən ehtiram barədə ziyarətçilərə geniş məlumat verərək qeyd edib ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsinə nail olub. Ulu Öndərimizin diqqət və qayğısı ilə “Dədə Qorqud” dastanı ədəbi və kino yaradıcılığa cəlb olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bayburt