Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
Bakı, 9 iyun, AZƏRTAC
Xalq şairi Səməd Vurğunun yaradıcılığı yaşadığı dövrün sərhədlərini aşaraq yeni nəsillər üçün də aktuallığını qoruyub saxlayır.
Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Məti Osmanoğlu deyib.
Ədəbiyyatşünas bildirib ki, Səməd Vurğunun yaradıcılığının əbədiliyini şərtləndirən əsas amil yalnız əsərlərində qaldırdığı mövzuların aktuallığı deyil, həm də şairin milli-mədəni yaddaşda tutduğu xüsusi mövqedir. “Ona milli yaddaşda “vətəndaşlıq hüququ” verən, yaradıcılığını mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevirən başlıca keyfiyyət hansı mövzularda yazması deyil, şairin “böyük zaman” yolçusu olmasıdır”, – deyə o vurğulayıb.
M.Osmanoğlu qeyd edib ki, ədəbiyyat nəzəriyyəçisi Mixail Baxtinin yanaşmasına görə, ədəbiyyatın zamanı iki səviyyəyə ayrılır: müəllifin yaşadığı “kiçik zaman” və əsərin müəllifdən sonra ömür sürdüyü “böyük zaman”. Əsl sənət əsəri də məhz zaman keçdikcə yeni mənalar və dəyərlər qazanır.
Səməd Vurğunun sovet dövründə yaşayıb-yaratmasına baxmayaraq, əsərlərinin xalq yaddaşının ilkin qatları, mifologiya, epos və keçmişin mənəvi dəyərləri ilə daim dialoqda olduğunu bildirən müsahib vurğulayıb: “Bu mənada, Səməd Vurğun yaradıcılığı bizimlə köklərimiz arasında daimi bir körpüdür. Bu ünsiyyət hər zaman aktual qalacaq və maraq doğuracaq”.
Ədəbiyyatşünasın fikrincə, şairin poeziyasının ölməzliyini təmin edən mühüm amillərdən biri də onun xalq dili və milli-mədəni ənənələrlə sıx bağlılığıdır. M.Osmanoğlu qeyd edib ki, Səməd Vurğunun poeziyası həm aşıq sənətində, həm də peşəkar musiqidə uğurla səslənir. Bu da onun bədii irsinin miqyasını və müxtəlif mədəni qatları birləşdirmək gücünü göstərir.
Müxbir - Lalə Minasazova