Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
Ağdam, 16 mart, AZƏRTAC
Ağdam rayonu ərazisindəki “N” saylı hərbi hissədə Novruz bayramı münasibətilə bayram konserti təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrində müvəffəqiyyətlər arzulayıblar. Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışılıb, Novruz tonqallarının tezliklə işğaldan azad edilmiş torpaqlarımızda qalanacağına əminlik ifadə olunub.
Hərbi hissənin rəhbərliyi bayramı əsgərlərlə birgə keçirdiklərinə görə Ağdam ictimaiyyətinə minnətdarlığını bildirib.
Hərbi hissəyə bayram sovqatı verilib. Tədbirdə Qiyaslı kənd uşaq musiqi məktəbinin kollektivi rəngarəng konsert proqramı ilə çıxış edib. Konsert proqramı və Ağdam Dövlət Dram Teatrının aktyorlarının təqdim etdiyi səhnəcik əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb.