BAZARA DAXİL OLAN ELİT EVLƏR HESABINA MƏNZİLLƏRİN ORTA QİYMƏTİ YÜKSƏLMİŞDİR
“Əmlak Bazarı İstehlakçıları” İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin martında Bakı şəhərinin ilkin daşınmaz əmlak bazarında satış üçün təklif olunmuş mənzillərin orta qiyməti fevral ayı ilə müqayisədə 1,8 faiz artaraq bir kvadratmetri 1057 ABŞ dollarından 1076 dollara çatmışdır.
Fevral ayı ilə müqayisədə, Sabunçu və Suraxanı rayonları istisna olmaqla, digər rayonlar üzrə orta qiymətlər cüzi şəkildə artmışdır. İlkin bazarda alıcı tələbatı azalmasına baxmayaraq, orta qiymətin yüksəlməsi bazara daxil olan elit mənzillərlə əlaqədardır.
Qeyri-yaşayış sahələri bazarında satış qiyməti 3,9 faiz, icarə qiyməti isə 4,1 faiz artmışdır. Qeyri-yaşayış sahələri bazarında bağlanan əqdlərin dinamikası fevrala nisbətən sabit qalmış qiymətlərdə isə mövsümə uyğun müəyyən artım müşahidə edilmişdir. Fevral ayı ilə müqayisədə bazara təklif olunan qeyri-yaşayış sahələrinin sayı 3,6 faiz çoxalmışdır.
Təkrar bazarda tələbə nisbətən təklifin artması orta qiymətdə azalma ilə nəticələnmişdir. Mart ayı ərzində təkrar mənzil bazarında bağlanan əqdlərin sayı azalmış, nəticədə qiymətlərdə 4,8 faiz, qiymət indeksində isə 1,1 faizə yaxın azalma baş vermişdir.
Araşdırmalara əsasən, martda bazara orta hesabla 5 minə qədər mənzil çıxarılmışdır. Ən çox təklif isə Nəsimi, Nərimanov və Yasamal rayonları üzrə olmuşdur.
Mərkəzdən kənar rayonlarda torpağın qiyməti artmışdır. Bakı şəhəri üzrə torpaq bazarında 1 sotun orta qiyməti 3,4 faiz artaraq 23 min 854 ABŞ dolları səviyyəsində qərarlaşmışdır. Ay ərzində - Binəqədi, Əzizbəyov, Suraxanı və Sabunçuda torpağa tələb mərkəzə nisbətən daha yüksək olmuş, qiymət indeksinin artımı da məhz ucuz torpaqlar hesabına baş vermişdir. Qalan rayonlarda qiymətlərin cüzi artımı qeydə alınmışdır.