BDU - 107 illik ənənədən gələcəyə
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) 107 illik tarixi ilə müasir inkişaf strategiyası arasındakı əsas bağlılıq milli elm və təhsil ənənələrinin qorunaraq yeni çağırışlarla zənginləşdirilməsidir. Beynəlxalq reytinqlərdə yüksəliş, proqram akkreditasiyalarının genişlənməsi, yeni təhsil istiqamətləri, elmi-tədqiqat infrastrukturu, ikili diplom və mübadilə proqramları, strateji tərəfdaşlıqlar və artan elmi nəticələr BDU-nun yeni inkişaf mərhələsinin əsas göstəriciləridir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Qeyd olunub ki, bu inkişaf modeli tarixi irs, müasir idarəetmə, keyfiyyətli təhsil, rəqabətqabiliyyətli elm, beynəlmiləlləşmə və sosial məsuliyyət arasında əlaqənin gücləndirilməsinə əsaslanır. BDU zəngin keçmişinə söykənərək Azərbaycanın elmi-intellektual potensialını qlobal akademik məkanda daha geniş təqdim edən və gələcəyin universiteti olmağa istiqamətlənən aparıcı akademik platforma kimi mövqeyini möhkəmləndirir.
107 il əvvəl – 1919-cu il 1 sentyabrda əsası qoyulan elm və təhsil ənənəsi bu gün yeni nəsillərin bilik, tədqiqat və yaradıcılıq imkanlarını genişləndirən müasir universitet mühitində davam edir.