BDU beynəlxalq tədqiqatlar şəbəkəsinə qoşulur
Bakı, 15 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) 60-cı sessiyasının işində iştirak edib. Rektor sessiya çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative (ISWI)) üzrə proqramın Rəhbər Komitəsinin yığıncağına da qatılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirlərin məqsədlərindən biri də müxtəlif ölkələrdə uyğun sahədə elmi-tədqiqat cihaz və alətlərinin yerləşdirilməsi, kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir. BDU-nun rektoru Azərbaycanda adıçəkilən sahələr üzrə elmi-tədqiqat işlərinin aparılması və kadr hazırlığının həyata keçirilməsi istiqamətində potensial əməkdaşlıq imkanları barədə “Azərbaycanda kosmik hava tədqiqatları” adlı, həmçinin 2022-ci il oktyabrın 31-dən noyabrın 4-dək BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere” beynəlxalq tədbirinin nəticələrinə və tövsiyələrinə dair məruzələrlə çıxış edib. Bu birgə tədbir haqqında altı səhifəlik hesabat BMT Baş Assambleyasına təqdim olunub və 2022-ci il noyabrın 22-də yayılıb.
Rektor səfər zamanı Beynəlxalq Nəzəri Fizika Mərkəzi (The Abdus Salam International Centre for Theoretical Physics (İCTP), Italy) ilə əlaqələr və gənc kadr hazırlığı məsələləri, həmçinin BDU-da yaradılmış Mükəmməllik Mərkəzinin Astrokosmik və atmosfer tədqiqatları laboratoriyasında müxtəlif istiqamətli elmi və tədris təyinatlı cihazların yerləşdirilməsi və müvafiq tədqiqat şəbəkələrinə qoşulma haqqında müzakirələr də aparıb. 2023-cü ildə Bakıda keçiriləcək IAC-2023 Beynəlxalq Astronavtika Konqresi haqqında sualları cavablandırıb.