BDU-da süni intellektin təhsildə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndələri ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Süni intellekt etikası kafedrasının müdiri Rafiq Ələkbərov və Kaye Akademik Təhsil Kollecinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı süni intellekt texnologiyalarının təhsildə tətbiqi, ali təhsil və elmi-tədqiqat fəaliyyətində yaratdığı imkanlar, tədris prosesinə təsiri və bu sahədə yeni yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə süni intellekt etikası, akademik dürüstlük, müəllim və tələbələrin fəaliyyətində süni intellektdən məsuliyyətli istifadə, eləcə də təhsil prosesində texnologiyaların tətbiqi ilə bağlı yaranan çağırışlara diqqət yetirilib.
Həmçinin süni intellektin orta və ali təhsildə rolu, beynəlxalq təcrübənin öyrənilməsi və sahənin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Sonda süni intellekt etikası və təhsildə innovativ texnologiyalar istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.