BDU: Elmi-tədqiqat infrastrukturu və ölkədaxili əməkdaşlıq
Bakı, 1 sentyabr, AZƏRTAC
Son bir ildə BDU-nun elmi potensialının cəmiyyətin sosial problemlərinin həllinə və sosial-iqtisadi proqramların icrasına cəlb olunması məqsədilə dövlət qurumları, nüfuzlu müəssisələr və ictimai birliklərlə əlaqələr genişləndirilib, birgə layihə və tədbirlərin sayı artıb. Universitetdə ölkənin elmi, mədəni və sosial-iqtisadi inkişaf məsələlərinə həsr olunmuş konfranslar, seminarlar və digər tədbirlər təşkil edilib. Əməkdaşlıq mühitinin tədris məkanına inteqrasiyası məqsədilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) BDU-da xüsusi auditoriyası, “Azerbaijan International Mining Company Limited” şirkətinin xüsusi auditoriyası, “Kapital Bank otağı” istifadəyə verilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi infrastrukturun yenilənməsi istiqamətində Qabaqcıl materialşünaslıq tədqiqat və inkişaf Mərkəzi, Azərbaycan-Koreya kompüter elmləri mərkəzi, Rəqəmsal texnologiyalar və tətbiqi tədqiqatlar mərkəzi, Biotibbi tədqiqatlar və texnologiyalar mərkəzi, Mədəni irsi araşdırmalar mərkəzi, Arxeologiya tədris-tədqiqat mərkəzi, Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası və Farmakoloji mikrobiologiya elmi-tədqiqat laboratoriyası yaradılıb.
Rəqəmsal transformasiya da universitetin strateji gündəliyində xüsusi yer tutur. BDU-da rəqəmsallaşma üzrə Fəaliyyət Planı təkmilləşdirilib. Yeni ixtisas və təhsil proqramlarının yaradılması, mövcud proqramların müasirləşdirilməsi, süni intellektin idarəetmə sistemlərinə inteqrasiyası, kadr hazırlığının gücləndirilməsi və beynəlxalq strateji tərəfdaşlıqların genişləndirilməsi əsas istiqamətlər kimi nəzərdə tutulub.
“Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar BDU-nun tədbirlər planı hazırlanıb və icra olunub. Bu çərçivədə may ayında BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” platformasında “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.
İyun tarixlərində BDU və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Konfransda Qərbi Azərbaycana qayıdış konsepsiyasının tarixi, hüquqi, siyasi, mədəni və sosiofəlsəfi aspektləri beynəlxalq hüquq normaları, regional sülh və təhlükəsizlik, dövlətçilik, suverenlik və tarixi yaddaş kontekstində müzakirə edilib.
Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar ilboyu konfranslar, elmi müzakirələr, sərgilər, görüşlər və seminarlar təşkil edilib, monoqrafiya və dərs vəsaitləri hazırlanıb, BDU alimlərinin ölkəmizdə və beynəlxalq bazalarda indekslənən nəşrlərdə elmi məqalələri dərc olunub.
Qazaxıstanın Almatı şəhərində BDU, Türk Akademiyası, Əl-Fərabi adına Qazax Milli Universiteti, Türk Dil Qurumu və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda beynəlxalq simpozium keçirilib.
Bakıda və Qarabağda keçirilmiş “Türk dünyası həftəsi”ndə BDU əsas tərəfdaşlardan biri kimi iştirak edib. Həftə çərçivəsində BDU, Mədəniyyət Nazirliyi, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.