BDU-nun əməkdaşı 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında məruzə edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Məhəmməd Bağır Bağırov Türkiyənin İzmir şəhərində İzmir Yüksək Texnologiya İnstitutunda keçirilən 20-ci Beynəlxalq Nanoelm və Nanotexnologiya Konfransında (20th International Nanoscience and Nanotechnology Conference – NanoTR-20) iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Məhəmməd Bağır Bağırov tədbirdə “GO nanodoldurucusunun konsentrasiyasının GO–PVS–AgNN nanokompozitlərinin dielektrik xassələrinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə müxtəlif konsentrasiyalarda qrafen oksid əlavə edilmiş GO-PVS-AgNN nanokompozitlərinin quruluş və dielektrik xassələri, həmçinin nanodoldurucunun konsentrasiyasının dəyişməsinin materialların dielektrik xassələrinə təsiri ətraflı izah olunub.