REGİONLAR
BDU-nun Qazax filialında Bilik Günü qeyd olunub
Qazax, 17 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 Sentyabr - Bilik Günü və 2024-2025-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. “Təhsil hər bir millətin, dövlətin ictimai həyatında mühüm əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil hər bir millətin gələcəyidir”, - qeyd edən A.Rüstəmov Azərbaycan təhsil sisteminin gündən-günə uğurla inkişaf etdiyini bildirib.
Bildirilib ki, Bakı Dövlət Universitetinin Qazax filialına 2024-2025-ci tədris ili üçün 14 ixtisas üzrə (bu ixtisaslardan həm də 4-ü qiyabi olmaqla) bakalavr səviyyəsi üzrə 420 plan yeri ayrılıb. Yekuna görə 377 nəfər (89%) qəbul olunub (100-200 bal 59 nəfər qabiliyyət imtahanı üzrə, 200-300 bal 158 nəfər, 300-400 bal 116 nəfər, 400-500 bal 33 nəfər, 500-600 bal 9 nəfər, 600-700 bal 2 nəfər). Hazırda filialda (2024-2025-ci tədris ili üzrə qəbul istisna olmaqla) əyani şöbə üzrə 1133, qiyabi şöbə üzrə 162 (cəmi 1295 tələbə) və 20 magistr təhsil alır. Eyni zamanda, 2023-2024-cü tədris ilində universiteti 370 nəfər məzun bitirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi-qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb.
Sonra I kursda təhsil alacaq tələbələrin valideynləri ilə görüş keçirilib, onlara filialdakı nizam-intizam, şəffaf mühit, kollektiv tərəfindən tələbələrə göstərilən qayğı barədə məlumat verilib.