ELM VƏ TƏHSİL
BDU tələbələrinin istehsalat və pedaqoji təcrübələri başlanıb
Bakı, 16 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin biologiya, su bioehtiyatları və akvakultura, biotexnologiya ixtisaslarında təhsil alan IV kurs tələbələrinin Elm və Təhsil Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında pedaqoji təcrübələrinə başlanılıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tələbələr “Fetal Mərkəz NS Genetics” klinikasında, “Azər-Maya İstehsal” QSC, “AZZA” QSC, “Milla Dairy” MMC, “Avromak” MMC, “Xıllı Balıq” MMC, “Azerbaijan Fish Farm” MMC, Aqrar Xidmətlər Agentliyinin laboratoriyasında, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Mərkəzi laboratoriyasında, “Biyan Products” MMC, “Azərfarm” LTD, Koreya Şərq Təbabəti Klinikasında (SEBA), Veysəloğlu Şirkətlər Qrupunda, “Ulduz” Şokolad Fabriki kimi istehsalat müəssisələrində təcrübə keçəcəklər. Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələrin isə Bakı şəhərində yerləşən müvafiq tam orta ümumtəhsil məktəblərində tədris planına uyğun olaraq 9 həftəlik pedaqoji təcrübələrinə başlanılıb.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova, kafedra müdirləri və təcrübə rəhbərləri istehsalat və pedaqoji təcrübələrin başlaması ilə əlaqədar tələbələrlə keçirilən görüşdə təcrübələrin təşkili barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.