Bədbəxt hadisədən zərər çəkmiş ailəyə yardım göstərilib
Bakı, 26 avqust, AZƏRTAC
Sabunçu rayonunun Ramana südçülük sovxozu yeni yaşayış massivində qısa qapanma nəticəsində baş verən yanğın hadisəsi zamanı yaxınlıqda yerləşən iki qonşunun evinin dam örtüyü yanaraq yararsız hala düşüb. Baş vermiş bədbəxt hadisədən sonra zərərçəkmiş ailələr dəstək almaq məqsədilə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İB-yə (AQSİA) müraciət ediblər.
“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İB-dən AZƏRTAC-a bildirilib ki, yanmış ev AQSİA-nın təşkilatçılığı, “Gənclərin Həmrəyliyinə Dəstək” İB-nin təşəbbüsü və bir neçə sahibkarın birgə əməkdaşlığı nəticəsində yenidən tikilib. Hazırda hadisə yerində tikinti-təmir işləri davam etdirilir və qonşu evlərin dam örtükləri yenidən bərpa olunur.
AQSİA-nın idarə heyətinin sədri Səkinə Babayeva, qurumun həmtəsisçisi Cəmilə Abdullayeva, assosiasiyanın sosial məsələlər komissiyasının sədri Gülnarə Xəlilova, investisiya şöbəsinin rəhbəri Fərəh Hüseynli və Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerində olublar.
Ailələri ziyarət edib, vəziyyətlə maraqlanan sahibkar xanımlar vətəndaş cəmiyyətinin hər zaman insanların yanında olduğunu qeyd ediblər.