“Bəkir Çobanzadə. Budapeşt illəri” kitabının təqdimatı olub
Bakı, 14 noyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, ədəbiyyatşünas alim Vilayət Quliyevin “Bəkir Çobanzadə. Budapeşt illəri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda müəllif kitabla bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Krım-tatar əsilli görkəmli türkoloq Bəkir Çobanzadə (1893-1937) Azərbaycanın mədəniyyət tarixində yeri olan bir şəxsiyyətdir. O, 1924-cü ildən həyatının sonuna qədər Bakıda çalışıb. B.Çobanzadə Azərbaycan dili, klassik Azərbaycan ədəbiyyatı, şifahi xalq ədəbiyyatı, türkologiya ilə bağlı çoxsaylı əsərlərin müəllifidir.
V.Quliyev qeyd edib ki, 260 səhifədən ibarət bu əsərdə B.Çobanzadənin həyatının Budapeşt dövrü araşdırılır. Tədqiqata cəlb olunan yeni qaynaqlar və arxiv sənədləri, xüsusən də macar mənbələrindən götürülmüş materiallar əsasında alimin həyatının və elmi-ictimai fəaliyyətinin öyrənilməmiş tərəflərinə işıq salınır.
Vurğulanıb ki, XX əsrin ilk iki onilliyində macar-türk əlaqələri müxtəlif istiqamətlərdə geniş şəkildə araşdırılır. Kitab filoloqlar, tarixçilər, Türk dünyasının mədəni irsinə maraq göstərən oxucular üçün mühüm və maraqlı mənbədir.
Təqdimat müzakirələrlə davam edib.