RƏSMİ XRONİKA
BELARUS PREZİDENTİ ALEKSANDR LUKAŞENKONUN NİTQİ
Bugünkü yüksək səviyyədə görüşün yekunları Belarusla Azərbaycan Respublikası arasında münasibətlərin böyük potensialının olduğunu bir daha əyani şəkildə təsdiqləyir. Bir sıra mühüm razılaşmalar əldə olundu, ikitərəfli əməkdaşlığın gələcək inkişafının konkret istiqamətləri müəyyən edildi. Əsas sənədin – 2015-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilənin, habelə müxtəlif fəaliyyət sahələrinə dair sazişlərin imzalanması ölkələrimizin qarşılıqlı əlaqələri üçün geniş imkanlar açır. Belarusla Azərbaycan arasında əməkdaşlığın hərtərəfli, sistemli xarakter alması üçün çox iş görülmüşdür. Sizinlə birlikdə gələcək üçün vəzifəmiz nəzərdə tutulanların hamısını həyata keçirməkdən ibarətdir.
Özünün əməksevərliyi, qonaqpərvərliyi və çox zəngin mədəni ənənələri ilə məşhur olan Azərbaycan xalqına Belarus həmişə rəğbət bəsləyir. İndi ölkələrimizin hər biri müstəqil sosial-iqtisadi inkişafın, dövlətçiliyi möhkəmlətməyin, dünya xalqlarının böyük ailəsində layiqli yer tutmağın çətin yolu ilə gedir. Sosial sabitlik, sadə insanlara əsil qayğı, dövlətin həyati əhəmiyyətli mənafelərinin başa düşülməsi, onları beynəlxalq aləmə çıxarmaq əzmi – bunlar ölkələrimizin siyasətinin əsaslandığı sarsılmaz prinsiplərdir. Əminəm ki, bütün səviyyələrdə Belarus-Azərbaycan münasibətlərinin dostluq, mehriban qonşuluq xarakteri ikitərəfli əməkdaşlığın inkişafından möhkəm təməl yaradacaq, xalqlarımız üçün yaxşı perspektivlər açacaqdır.
Bu gün biz sadəcə dost, qardaş dövlətin rəhbərini deyil, gözəl, ağıllı, uzaqgörən, bacarıqlı insanı və ümidvaram ki, onun başçılıq etdiyi eynilə güclü, sivilizasiyalı, savadlı nümayəndə heyətini qəbul edirik.
Hörmətli İlham Heydər oğlu!
Mən böyük məmnuniyyətlə bu badəni Sizin ölkə qarşısında qoyduğunuz planların həyata keçməsi şərəfinə qaldırmağı təklif edirəm. Bu, böyük, lakin ən real planlardır. Mən Sizə cansağlığı diləmək istəyirəm, arzum budur ki, həmişə bax beləcə, bugünkü kimi olasınız. Onda xalq Sizi məmnunluqla dəstəkləyəcəkdir. Əgər dövlətin daxilində xalqın səni dəstəkləyirsə, bu, bütün problemlərin həllinin rəhnidir.
Sizin şərəfinizə, Azərbaycan xalqının şərəfinə!