BELARUS VƏ TÜRKİYƏ BİZNESMENLƏRİNİN QARŞILIQLI MARAĞI ARTIR
Türkiyə Sərmayələrin Dəstəklənməsi və Təşviqi Agentliyinin təcrübəsi Belarus üçün faydalı ola bilər.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bunu Belarusun baş naziri Sergey Sidorski agentliyin rəhbəri Alpaslan Korkmaz ilə mayın 29-da keçirilən görüşündə bildirmişdir.
O xatırlatmışdır ki, Belarusda yaxın vaxtlarda ən cəlbedici sərmayə mühiti olan 30 ölkə siyahısına daxil olmaq vəzifəsi qarşıya qoyulmuşdur.
Baş nazir vurğulamışdır ki, bununla əlaqədar, Türkiyə Sərmayələrin Dəstəklənməsi və Təşviqi Agentliyinin təcrübəsi Belarus üçün faydalı ola bilər. Belarus və Türkiyə biznesmenlərinin qarşılıqlı marağı son vaxtlar xeyli artmışdır.
Səfər çərçivəsində agentliyin nümayəndələri müvafiq məsələləri müzakirə etmək üçün Belarusun bir sıra nazirliklərinin rəhbərləri ilə görüşəcəklər.
2007-ci ildə 200-dən çox xarici şirkət Belarus layihələrinə sərmayələr qoymuşdur.
2006-cı ilin noyabrından fəaliyyətə başlayan Türkiyə Sərmayələrin Dəstəklənməsi və Təşviqi Agentliyi Türkiyə Baş naziri aparatının struktur vahididir və birbaşa Baş nazirə tabedir. Qurum sərmayə layihələrinin təşviqi və sərmayədarlara praktiki yardım göstərilməsi üzrə iki idarədən ibarətdir. Agentliyin 11 xarici nümayəndəliyi və Türkiyədə 2 şöbəsi var. Agentlik qarşısında Türkiyənin yaxın illərdə birbaşa xarici sərmayələrin yatırılması üzrə dünyada beşinci yeri tutmasına nail olmaq vəzifəsi qoyulmuşdur.