Belçikanın təhsil naziri Brüsseldəki Flamandiya və Valoniya universitetlərinin çağırışını eşidəcəkmi?
Brüssel, 1 aprel AZƏRTAC
Brüssel universitetləri paytaxtdakı ümumtəhsil məktəblərində çoxdilli tədrisə keçməyə çağırıblar.
AZƏRTAC xəbər verir ki, Brüsseldəki Flamandiya və Valoniya azad universitetlərinin (VUB və ULB) vitse-kanslerləri ayrı-ayrılıqda bəyanatlarla çıxış ediblər. Onlar ölkə hökumətini dövlət məktəblərində fənlərin arzuedənlər üçün müxtəlif dillərdə tədrisinə keçidi sürətləndirməyə çağırıblar. VUB-un vitse-kanslerləri Kerolayn Pauvels Brüsseldəki Bruzz regional xəbər platformasına bildirib ki, Brüsseldə təhsil bu şəhərin çoxdilli reallığına uyğun gəlmir, hərçənd buna zərurət var. O, “De Standaard”, “Het Nieuwsblad” və “Le Soir” adlı gündəlik qəzetlərə müsahibəsində gileylənib ki, “öz övladlarının həqiqətən çoxdilli təhsil almasını istəyən valideynlər uşaqlarını çoxları üçün əlçatmaz olan bahalı özəl məktəblərə verməyə məcburdurlar, bu isə elita və sosial təcridçilik yaradır”.
Kerolayn Pauvelsin fikrincə, dövlət büdcəsindən maliyyələşdirilən çoxdilli orta məktəb yaratmağın vaxtı çoxdan yetişib. Eyni zamanda, ölkənin Təhsil Nazirliyində buna necə nail olmaq barədə dəqiq plan yoxdur.
VUB və ULB çoxdilli orta təhsil sisteminə keçid məsələsində qarşılıqlı əməkdaşlıq edəcəklərini və bununla əlaqədar hər bir təşəbbüsü dəstəkləyəcəklərini bildiriblər.
Hazırda bu iki universitetin linqvist ekspertləri yol xəritəsi hazırlayırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel