BƏRDƏDƏ NARKOTİK MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 14-də Bərdə şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə məsələlərinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarsı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu rəhbərinin muavini Təvəkkül Həsənov bildirmişdir ki, son vaxtlar ölkədə narkotik maddələrdən istifadə edənlərin sayı və narkotik maddələrin qanunsuz dövriyyəsi çoxalmışdır. 2006-cı ildən bu günədək narkomanların sayi 3 min 706 nəfər artmışdır.
Natiq bildirmişdir ki, narkotik maddələr respublikamıza əsasən iki marşrutla - İran və Əfqanıstandan gətirilir. Bu prosesin dayandırılması, ümumiyyətlə, narkotik maddələrin ölkəmizə gətirilməsinin qarşısının alınması ilə bağlı ciddi tədbirlər görülür. Ötən il Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 497 kq, Daxili İşlər Nazirliyi tərəfindən 338 kq, Dövlət Sərhəd Xidmətinin xətti ilə 107 kq, Dövlət Gömrük Komitəsi tərəfindən isə 123 kq narkotik maddə dövriyyədən çıxarılmışdır. Ümumilikdə bu rəqəm 1 ton 252 kq təşkil edir ki, bu da əvvəlki illə müqayisədə 2 dəfə çoxdur. Azərbaycanda narkotik maddələrdən istifadə edənlərin sayı və narkotik maddələrin qanunsuz dövriyyəsi Lənkəran, Astara, Masallı, Salyan, Hacıqabul rayonlarında daha çoxdur.
Tədbirdə bildirilmişdir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da HİV virusuna yoluxan xəstələrin sayı artmaqdadır. Dünyada bu xəstəlikdən 20 milyon insan əziyyət çəkir. Azərbaycanda isə bu bəlaya düçar olanların sayı 1.374 nəfərdir.
Bərdə rayonunda bu ilin I rübündə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 33 fakt aşkar edilmiş, HİV virusuna yoluxanların sayı 8 nəfər olmuşdur.