Bərdədə Şəhidlər Xiyabanı və terror qurbanlarının xatirə lövhəsi ziyarət olunub
Bərdə, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də ölkənin bütün ərazisində olduğu kimi, Bərdədə də şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət edilib.
Burada keçirilən anım mərasimində çıxış edənlər şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Sentyabrın 27-nin Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunduğu, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqların 44 gün ərzində şəhidlərin qanı bahasına azad edildiyi diqqətə çatdırılıb.
Qeyd olunub ki, Bərdə rayonu və şəhər mərkəzi Vətən müharibəsi dövründə 5 dəfə (05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində) erməni terroruna - Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik ruhunda kompozisiya təqdim edilib.