Berlin sakinləri Xocalı soyqırımı haqqında məlumatlandırılmışlar
Berlin, 27 fevral (AZƏRTAC). Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Azərbaycan Tələbə Şəbəkəsinin dəstəyi ilə fevralın 26-da Brandenburq Qapıları qarşısında Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir.
Aksiyada ictimaiyyətə Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dair məlumatlar verilmişdir. Sakinlərə alman və ingilis dillərində Xocalı faciəsi və Dağlıq Qarabağ münaqişəsi haqqında materiallar paylanmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev, Drezden AlmAz Cəmiyyətinin, Diasporla iş üzrə Dövlət Komitəsinin, Avropa Azərbaycanlıları Konqresinin, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, azərbaycanlı tələbələr aksiyada iştirak etmişlər.
Nümayişdə deputat Siyavuş Novruzov, Xocalı soyqırımının canlı şahidi, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə Cəfərova və başqaları çıxış edərək faciə haqqında danışmışlar.
Aksiya iştirakçıları Berlin sakinlərinin və turistlərin suallarını cavablandırmışlar.
Etiraz aksiyasından sonra Berlin Azərbaycan Evində faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin