Berlində Azərbaycan və Qərb musiqisinin sintezindən ibarət konsert proqramı təqdim edilib
Berlin, 18 may, AZƏRTAC
Berlində Azərbaycanın və Avropanın musiqi ənənələrini bir araya gətirən “Bir arzum vardı” (I Had A Dream) adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Almaniyada yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı musiqiçi Tural İsmayılovun rəhbərlik etdiyi “Anima Şirvani” ansamblının və “Oltremontano Antverpen” ansamblının ifasında qədim Avropa musiqisi ilə Şərq musiqi ənənələrinin sintezindən ibarət konserti Almaniyada yaşayan soydaşlarımız, eləcə də yerli musiqisevərlər izləyiblər.
Proqrama görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Şur” simfonik muğamı, ingilis Renessans bəstəkarı Con Doulendın “Yeddi göz yaşı” kompozisiyası və dahi şairimiz Məhəmməd Füzulinin poeziyasından seçilmiş nümunələr daxil edilib. Konsertin əsas ideyası Məhəmməd Füzuli və Con Daulend yaradıcılığında sevginin həm həyatın mənası, həm də iztirab kimi təqdim edilməsinə əsaslanır. Proqram çərçivəsində Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində ifadə etdiyi fəlsəfi yanaşma ilə Con Daulendin şəxsi böhran və duyğularını əks etdirən musiqisi arasında paralellik böyük peşəkarlıqla nümayiş etdirilib.
“Anima Şirvani” və “Oltremontano Antverpen” ansambllarının ifasında qədim Avropa musiqisi ilə Şərq ənənəsi arasında özünəməxsus ahəng yaradılıb. Şərq və Qərb musiqisini, fəlsəfəsini bir-biri ilə bağlı mədəni irs kimi təqdim edən konsert izləyicilərə xoş anlar bəxş edib.
Qeyd edək ki, “Bir arzum vardı” layihəsinin müəllifi, aparıcısı və rəhbəri Tural İsmayılovdur. Layihə çərçivəsində konsertin Almaniya paytaxtında təşkili Azərbaycan Diasporuna Dəstək Fondu və Berlin Senatının Mədəniyyət və Sosial Həmrəylik Departamenti tərəfindən dəstəklənib.