BERLİNDƏKİ “HİTİT” NƏŞRİYYATI HƏMYERLİMİZİN YENİ KİTABINI ALMAN OXUCULARINA TƏQDİM ETMİŞDİR
Vətən, xalq, dövlət, millət, xüsusilə Şərq qadınlarının həyat tərzi, problemləri haqqında fəlsəfi deyimlər, tənqidlər kitabın əsas qayəsini təşkil edir. Kitaba Potsdam Universitetinin professoru Vilfrid Fuhrman ön söz yazmışdır. Şairənin yaradıcılığını yüksək dəyərləndirən ön söz müəllifi yazır: “Nuridə Atəşi almanca da yazır, ancaq biz almanlar kimi soyuq və rasional yazmır. Heç bir alman qadın yazar fikir və duyğularını, qadın problemlərini, cəmiyyətin bəlalarını bu cür səmimiyyət və cəsarətlə qələmə ala bilməz. Ona görə də Nuridə Atəşi Almaniya üçün də bir tapıntı və iftixardır. Onun müasir qadın ədəbi yaradıcılığında açdığı yeni cığırı təmizləmək, qorumaq, genişləndirmək, həm də gələcək nəsillərə ərməğan etmək bizim müqəddəs borcumuzdur”.
Nuridə Atəşi AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində demişdir ki, yaxın günlərdə seçilmiş əsərlərindən ibarət 10-cu kitabını Azərbaycanda oxuculara təqdim edəcəkdir. “Nurlan” nəşriyyatında 10 min tirajla çap olunan “Gəl günaha bataq” adlı kitabda müəllifin 20 illik yaradıcılığı müddətində yazdığı şeirləri, aforizmləri, iki poeması və bir nəsr əsəri toplanmışdır. Mayın əvvəlində Bakıda müəllifin iştirakı ilə yeni kitab oxuculara təqdim olunacaqdır. İlin ən çox satılacaq kitabı olacağına əminliyini söyləyən müəllif, onun satışından əldə ediləcək vəsaiti şəhid ailələrinə yardım üçün nəzərdə tutduğunu bildirmişdir.