BƏŞƏRİ SƏRVƏTƏ ÇEVRİLƏN İRS
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və qanunçuluq”, “Heydər Əliyev dövlətçilik haqqında” kitablarını çapdan buraxdırmışdır. Hər iki nəşrin redaktoru və ön sözün müəllifi Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevdir.
Birinci kitab ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi haqqında Azərbaycan Prezidentinin Sərəncamı ilə açılır. Bu kitabda ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunundan sonra Azərbaycanın inkişafı, müstəqil dövlətimizin əsaslarının qurulması, qorunub saxlanılması, respublikamızda insan hüquq və azadlıqlarının qorunması sahəsində gördüyü işlərdən, eləcə də hüquq mühafizə orqanları ilə keçirdiyi çoxsaylı görüşlərdən söhbət açılır. Kitabda, həmçinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyevin müstəqillik illərində dövlətimizin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunması, respublikamızda konstitusiya quruluşunun, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin əsaslarının cinayətkar qəsdlərdən qorunması sahəsində gördüyü işlər, eləcə də keçirdiyi çoxsaylı görüşləri, söhbətləri, çıxışları, müraciətləri, bəyanatları, müvafiq fərman və sərancamları da öz əksini tapmışdır. Qeyd edək ki, ulu öndərin hər bir çıxışında XX əsrin son onilliyində Azərbaycanda hüquqi dövlət ideyasının reallaşmasına zəmin yaradılması, milli mənəvi dəyərlərə qayıdışı, mənəvi intibahın başlanması, xalqın gələcək taleyi ilə bağlı problemlərin həlli zərurəti ön plana çəkilmişdir.
Kitabda, həmçinin ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesindən, ictimai-siyasi qanunçuluq və hüquq qaydalarından da bəhs olunur, ümummilli liderin miras qoyduğu, dövlətçiliyin inkişaf etdirilməsində, qanunçuluğun daha da möhkəmləndirilməsində mühüm rol oynayan, hüquq mühafizə orqanlarının fəaliyyətində hər zaman onlara doğru yol göstərən tezislər öz əksini tapmışdır.
Perspektivi keçmişin təhlili ilə paraleldə, sintezdə açmağa israrlı olan yaxın milli yaddaşın, “ən yeni tarixin” ayrı-ayrı səhifələrini vərəqləyən “Heydər Əliyev və qanunçuluq” kitabı oxuculara görkəmli dövlət və siyasət xadimi Heydər Əliyevin şəxsiyyətinin əsl miqyasını daha dərindən anlamağa, onun tarixə, dövlətin inkişafına, Azərbaycan dövlətçiliyinin təşəkkülünə və möhkəmlənməsinə çox böyük töhfəsini layiqincə qiymətləndirməyə imkan verəcəkdir.
Oxuculara təqdim olunan ikinci - “Heydər Əliyev dövlətçilik haqqında” kitabında ulu öndərin kəlamları, aforizmləri, cəmiyyətin sosial, iqtisadi, hüquqi, mədəni və digər sahələrini əhatə edən müxtəlif vaxtlardakı çıxış və nitqlərindən seçilmiş fikirləri toplanmışdır. Kitabla tanış olduqca dərk edirsən ki, ümummilli liderimiz Heydər Əliyev dövlət quruculuğu, demokratiyanın inkişafı, ölkədə əmin-amanlıq, asayiş və sabitliyin sarsılmaz təməllər üzərində daimi dayanıqlığına nail olmaqdan ötrü qanunçuluğun möhkəmləndirilməsi, dövlətçilik, milli mənəvi dəyərlərin qorunması, elm, mədəniyyət və iqtisadiyyatın daha sürətli, səmərəli və məqsədli inkişafı, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması və digər məsələləri bizim üçün əlçatmaz olan zirvədən böyük müdriklik və uzuqgörənliklə həll etmişdir.
Dahi liderin aforizm kimi nəzəri cəlb edən fikirləri onun yürütdüyü siyasətin ideya kökləri haqqında dolğun məlumat verir: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”.
Ümummilli liderin nitq və çıxışlarından toplanmış hər bir sitat dahi şəxsiyyətin, siyasət nəhənginin, əsl vətənpərvərin müdrikliyindən xəbər verir.
Hər iki nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
######
