Beyin üçün ən sadə məşqlər
Bakı, 3 may (AZƏRTAC). Bizim beyin bir əzələ kimidir. Onu gündəlik işlətməsək, sözümüzə baxmayacaq, başın “düşün!” əmrinə tabe olmayacaqdır.
Mütəxəssislər bildirirlər ki, beyin işləməlidir, ancaq onun həddindən artıq yüklənməsi də yolverilməzdir. Bu zaman beynin boz hüceyrələri tükənə bilər.
Amma, eyni zamanda, beyin əzələlər kimi primitiv də deyildir. Hər gün kompyuterdə 10 min işarə yazmaq, yaxud küçə süpürmək kimi adi və oxşar işlər beynin yaxşı işləməsi üçün kifayət deyildir. Əksinə, eyni işlər gec-tez cansıxıcı və darıxdırıcı olacaqdır. Hər gün eyni işi görmək, eyni adamlarla ünsiyyətdə olmaq, bir-birinə oxşar günləri yaşamaq, söz yox ki, beyni kütləşdirir, yaddaşı zəiflədir. Beyni isə daim təəccübləndirmək, hətta qeyri-adi gimnastika ilə aldatmaq lazımdır. Bunun üçün xüsusi vaxt ayırmaq, əlavə pul xərcləyib idman zallarına, sağlamlıq mərkəzlərinə getmək tələb olunmur. Öz evinizdə, iş yerinizdə, yol gedərkən belə ən sadə məşqlərlə beyninizi gücləndirə bilərsiniz.
Mütəxəssislərin fikrincə, beyni işlətmək üçün birinci növbədə diş fırçalayanda, şorba yeyəndə, kompyuterdə məktub yazanda işə sol əllə (solaxaylar isə sağ əllə) başlamaq lazımdır. Bu, beynin sol yarımkürəsinin fəaliyyətini artırmaq üçündür.
Özünüzdə yeni bacarıqları təcrübədən keçirin. Öz mənzilinizdə gözləri yumulu halda duş qəbul edin. Cibinizdəki sikkəni müəyyən etməyə çalışın. Korlar üçün oxu və yazı sistemini öyrənməyə cəhd edin. Evinizdə yaxınlarınızla jestlərlə ünsiyyət qurun. Bu, beynin hərəkətsiz qalan sahələrini oyatmaq, neyronların beyin boyunca yayılması üçündür.
İmicinizdə dəyişiklik etmək, yeni və qeyri-adi paltarlar geyinmək, saçınızın rəngində və düzümündə, makiyajınızda dəyişikləri sınamaq da beyin üçün faydalıdır.
Öyrəndiyiniz yoldan uzaq olsa belə işə fərqli marşrutlarla gəlməyi və getməyi yaddan çıxarmayın. Tez-tez müxtəlif məkanlara səyahət edin. Hər məzuniyyətdə çalışın ki, tanış olmadığınız yerlərə gedəsiniz, tez-tez muzey və sərgilərə baş çəkin. Fizioloqların son tədqiqatlarına görə, bütün bunlar yaddaşı gücləndirir.
Evinizdə və iş yerinizdə tez-tez dizaynı dəyişin. Hər həftə mətbəx avadanlıqlarının yerini dəyişməyə cəhd edin. Bir neçə dəqiqə ərzində sağ ayağınıza hündürdaban ayaqqabı, sol ayağınıza isə başmaq geyinib mənzildə gəzinin. Bu yolla beynin hissiyyatını artıra bilərsiniz.
Yaradıcı təfəkkürünüzü inkişaf etdirmək istəyirsinizsə, mənasız suallara cavab verməkdən, şablonçuluqdan yayının. Hər dəfə yeni bir söz barədə düşünün, lətifələr quraşdırın və maraqlı əhvalatları xatırlayın.
Nəhayət, hər həftə 150 dəqiqə hərəkət beyin fəaliyyətinə ciddi təsir edir.